Gürcüstanda prezidentin vetosu ləğv edildi | YENİLƏNİB
***
Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi bu gün ölkə prezidenti Salome Zurabişvilinin “Xarici təsirlərin şəffaflığı haqqında” Qanuna qoyduğu vetonun ləğvi proseduruna başlayıb.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı məruzəçi qismində prezidentin parlament katibi Giorgi Msxiladze çıxış edir. O, deputatlara Zurabişvilinin qanunla bağlı əsaslandırılmış iradlarını çatdırır. Dövlət başçısı qanunun qüvvəyə mindiyinin ertəsi gün dərhal ləğv edilməsi tələbini qoyur ki, bu da xanım Zurabişvilinin yeganə qeydidir.
Komitənin iclasında müxalifət nümayəndələri də iştirak edir. Komitədə prezidentin vetosunun ləğvi təsdiqlənəcəyi halda, məsələ parlamentin sabah keçiriləcək plenar iclasında səsverməyə çıxarılacaq.
Sözügedən məsələdə Salome Zurabişvilinin tərəfini tutaraq rəsmi Tbilisiyə təzyiq göstərməyə çalışan Vaşinqton isə Gürcüstan hökumətinə növbəti xəbərdarlıq ünvanlayıb.
Gürcüstanın müstəqillik günü münasibətilə bəyanat verən ABŞ-nin Dövlət katibi Antoni Blinken bu ölkənin Avropa İttifaqına inteqrasiya perspektivinin yaxın aylarda məlum olacağını bildirb.
Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsini “tarixi nailiyyət” kimi qiymətləndirən ABŞ-nin Dövlət katibi bu hədəfin reallığa çevrilməsi naminə Gürcüstan hökumətinin “düzgün addımlar” atmasının vacibliyini vurğulayıb.
“Biz Gürcüstan rəhbərliyini düzgün istiqamətə yönəltmək üçün onu lazımi addımları atmağa çağırırıq. Birləşmiş Ştatlar Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini nümayiş etdirir və onun suverenliyinin və bütövlüyünün ən fəal tərəfdarları sırasında olub. Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə sadiq olan Vaşinqton Gürcüstan xalqının Avro-Atlantik gələcək üçün arzularını dəstəkləyir”, - Antoni Blinken deyib.
Vaşinqtonun belə “dəstək” müqabilində rəsmi Tbilisidən cəmi-cümlətanı 3 tələbi var.
Əvvəla, ABŞ-nin Gürcüstanın daxili və xarici siyasətinə müdaxiləsini məhdudlaşdıran “Xarici təsirlərin şəffaflığı haqqında” Qanunun ləğv olunması.
İkincisi, son bir neçə ildə normallaşmağa başlayan Gürcüstan-Rusiya münasibətlərindən imtina edilməsi, onların əvvəlki qarşıdurma məcrasına qaytarılması.
Üçüncüsü, kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejiminə və ən əsası Ukraynaya hərbi dəstək siyasətinə Gürcüstanın da qoşulması.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zurabişvili veto